Novruz Bayramı - milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir

Azərbaycanda Novruz bayramı həm də Bahar bayramı kimi qeyd olunur. Novruzla yanaşı, baharın da adı qoşa çəkilir, qoşa vurğulanır. Hələ dilimizə fars sözləri girmədən öncə Novruza «il bayramı», «yaz bayramı» və «bahar bayramı» deyiblər. Odur ki, bu bayramın əsas simvollarından, qəhrəmanlarından biri də «Bahar qızı» adlandırılardı. Artıq neçə illərdir ki, Novruz «Bahar qız»sız təsəvvür edilmir. «Bahar qız» yazın ilk günündə bütün eli-obanı dolaşar, yazın gəlişinin müjdəçisi olar. Paytaxt Bakıda da Bahar qızı güllü-çiçəkli bahar rəngli, bahar donu ilə İçərişəhərdə, Qız qalasının önündə dayanaraq insanları xoşbəxtcəsinə seyr edər. Nə gözəldir, deyilmi?! Dünyanın ən xoş niyyətli qızı «Bahar qızı»…

Davamı →

Qədimliyimizi yaşadan Novruz bayramı

Onun mahiyyətində türkün halının yetkin ifadəsi var
Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarları yaşayır. Minillər öncə əcdadlarımız inanıblar ki, həyatı var edən od, su, hava və torpaqdır. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz ötən müddətdə türk ruhunun özünəməxsusluğunu qoruyub saxlayıb. Millət o zaman var olur ki, qədim ruhunun soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, həmısını qoruyub saxlayır.

Belədə həmin millət tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Novruzda qədimliyimizin bütün çalarları var. Hər halda bunun səbəbindəndir ki, tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşanıb. İnsanın ta qədimdən tonqaldan atlanması əslində onun yaşamağa inamını, pisliyin məhv olacağına əminliyini ifadə edib. Bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Şübhəsiz, bayram hər şeydən əvvəl insanın içində olmalıdır. Novruzun mahiyyətində türkün halının yetkin ifadəsi var. Elə etmək lazımdır ki, qədimliyimizin soraqları qloballaşma həşirində gözümüzdə qətiyyən adiləşməsin, məzmunsuzlaşmasın. Digər tərəfdən də Novruz bayramında başqa bayramlarda olduğu kimi zəngin süfrənin olması təəssüratının yaradılması ideyası da səhvdir.
Davamı →

Novruz - Birlik, qardaşlıq bayramı

Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Qədim İran şəmsi təqvimi ilə fərvərdin ayının birinci gününə, Qriqori təqvimi ilə mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür. Ölkəmizdə Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştlük və ya müsəlman mədəniyyəti ilə əlaqələrini araşdırmış, əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar etmişlər. Lakin ümumi belədir ki, Novruzu konkret bir dinlə, etiqadla bağlamaq düzgün deyil. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.
Davamı →

Səməni qoymağın qaydası

Novruz bayramının ən maraqlı simvollarından biri yəqin ki, səmənidir. Yazın ilk müjdəçisi səməni bir növ təbiətin yenidən canlanmasını göstərir.

Əvvəllər səmənini yazda səpiləcək toxumun yaxşı olub-olmadığını yoxlamaq üçün göyərdirlərmiş. İnanırdılar ki, səməni yaxşı cücərsə, məhsul bol olacaq. 

İndiki dövrdə isə əksəriyyətimiz tənbəllik edib, evə səməni cücərtmir, satın almağa üstünlük veririk. Ancaq evdə səməni cücərtmək elə də çətin deyil.

Səməni ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış cücərdilməyə qoyulur. Yəni elə indi səməni qoymağın tam vaxtıdır.

Səməni əsasən, buğdadan (və ya arpadan) qoyulur.
Səməni qoymaq üçün istədiyiniz miqdarda buğda götürün.


Ardı →

Novruzda yumurtanın rolu

Novruz Bayramının əsas atributlarından biri də Yumurtadır. Çox qədimlərdən bir çox xalq yumurtanı həyatın, canlılığın rəmzi hesab etmişlər. İnsanların etiqadına görə, yumurtadan həm xeyir, həm də şər törəyə bilər.

İbtidai təsəvvür və etiqada əsasən, yumurta ulu tanrının bəşəriyyətə bəxş etdiyi dörd əsas maddi nemət olan hava, su, torpaq, odla mənalandırılır. Yumurtanın dairəviliyi və qabığı — torpağı, pərdəsi — havanı, ağı — suyu, sarısı — odu simvollaşdırır. Məhz bu əlamətlərinə görə, yumurtadan bir çox bayram və mərasimlərdə istifadə etmişlər.

Yumurta boyamaq çox qədim adətdir. Qədim azərbaycanlıların çərşənbələrdə və Novruz Bayramında qırmızı yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, bir sözlə, oyanma-dirilmə ayini ilə əlaqədar olan ən qədim təsəvvürlərlə bağlı olduğunu göstərir. Yumurtanın nə rəng boyanması da fəsillərdən xəbər verir. Qırmızı rəngə boyanmış yumurta — yayı, yaşıl (göy) rəng — yazı, sarı — payızı, heç rənglənməmiş yumurta isə qışı bildirir.
Ardı →

İlaxır çərşənbə

Bayramınız mubarək !!!Sonuncu çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Təbiət oyanır, bütün ətaf aləm canlanır. 
Folklorşünas Məhəmməd Məmmədovun sözlərinə görə, İlaxır çərşənbə bir sıra bölgələrdə, xüsusilə Naxçıvan, Urmiya, Təbrizdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur. İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə torpağın və özündən əvvəllki 3 mühüm ünsürün — su, od və yelin oyanması əkinçik həyatının başlanmasına işarədir. 
Davamı →

Novruz Bayramının tarixinə elmi baxış

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin şöbə müdiri, filologiya elmləri doktoru Kamil Hüseynoğlunun Novruz bayramının tarixi və Azərbaycan Respublikası ilə İran Azərbaycanında bayram adətlərinin oxşar və fərqli cəhətlərini əks etdirən iki elmi məqaləsini təqdim edirik. Müəllif məqalələri qələmə almamışdan öncə müxtəlif ölkələrdə tədqiqat işləri aparıb.

Hər bir xalqda bir sıra gözəl ənənələr olur ki, onlardan biri də bayramlar və onlarla bağlı olan mərasimlərdir. Hansı hadisə ilə bağlı olmasından, məqsədindən asılı olmayaraq, bütün bayramlar üçün ümumi olan bir xüsusiyyət vardır: insanlarda həyat həvəsi, sevinc hissləri yaratmaq. Belə günlərdə qədim insanlar gündəlik məişət qayğılarından azad olaraq, qısa müddətə olsa da, kədər və iztirabı özlərindən uzaqlaşdırır, həyatın mənalı davamı üçün stimullar tapırdılar. Dini və dövlət bayramları ilə müqayisədə bəşəriyyətin körpəlik dövründən — mifoloji dövrdən günlərimizədək gəlib çatmış bütpərəstlik bayramları bu baxımdan daha cazibədar və daha səmimidirlər.


Ardı →

Bayramlar bayramı - Novruz

Azərbaycan xalqının elliklə qeyd etdiyi bayram Novruz bayramıdır. Eyni zamanda bu bayram tarixdə «Xızır günü», «Azərbaycanı», «Hörmüzd bayramı», «Fərvərdin bayramı», «Bahar çəşn», «Yeni gün bayramı», "Ərgənəkon bayramı", «Qurtuluş bayramı» və s. adlarla da adlandırılmışdır. Bilavasitə baharın, yazın, həm də yeni təsərrüfat ilinin başlanması şərəfinə böyük təntənə ilə hər il bayram edilən Novruz çox əski çağlardan bəri elə «Novruz» olaraq adlandırılmışdır.

İbn-əl-Bəlx «Farsnamə» əsərində bildirir ki, «Cəmşid (Pişdadilər sülaləsinin IV hökmdarı-red.) yeni tikdirdiyi sarayda taxta çıxdığı gün Günəş ilinin başlanması günü imiş. Sonralar həmin günü bayram edərək Novruz adlandırıblar. Həmin gün Fərvərdin ayının Hörmüzd günü imiş».
Davamı →

Novruz bayramının tarixi və çərşənbələr

Novruz bayramının bütöv mifoloji semantikasında xalq meydan tamaşalarından tutmuş, ayrı-ayrı mövsüm atributlarına, kulinar atributlarına qədər bu «mifoloji yol»un izləri özünü qoruyub saxlayır. Bu yolun bayramaqədərki dörd ilaxır çərşənbələr üzrə nəzərdən keçirilməsi daha məqsədəuyğundur. Məlumdur ki, Novruz bayramına qədər dörd çərşənbə geniş şəkildə qeyd edilir:
1.Su çərşənbəsi
2.Od çərşənbəsi
3.Yel çərşənbəsi
4.Torpaq çərşənbəsi
Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir. Bu aspektlərə ayrı-ayrılıqda diqqət edək.
Davamı →

“Novruz” bayramı və onun tarixi kökləri

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. “Novruz” – hərfi mənada yeni gün deməkdir.
Ardı →